Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 15-ci görüşünü keçirib.
Qurumdan Sportline.az-a verilən məlumata görə, Bakı Gənclər Evində təşkil olunan toplantıda nazir federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq son vaxtlar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.
Tədbirdə Paris-2024 Yay Olimpiya Oyunlarına qazanılmış lisenziyalar, olimpiadaya hazırlıq haqqında danışılıb, idman federasiyalarının sosial media hesabatı dinlənilib, hüquqi məsələlər, nizam-intizam, yerli və beynəlxalq yarışların təşkili, məşqçilərin təhsili və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin federasiyaların strateji inkişaf planı, növbəti Yay Olimpiya Oyunlarına hazırlıqları müzakirə olunub və Azərbaycan Cüdo Federasiyasının 2024-2028-ci illər üzrə strategiyası təqdim edilib.