Fernando Alonso: "Bütün pilotlar Bakıda yarışmaqdan zövq alacaqlar"

Formula-1 üzrə ikiqat dünya çempionu Fernando Alonso Bakıdadır. SportLine.az xəbər verir ki, Avropa Qran Prisinin rəsmi səfiri seçilən ispaniyalı pilot bu gün media nümayəndələri ilə görüşüb.

Əvvəlcə ilkin təəssüratlarını bölüşən Alonso səfərindən məmnun qaldığını bildirib: “İlk dəfədir Bakıdayam və özümü xoşbəxt hiss edirəm. Möhtəşəm şəhəriniz var. Tarixi abidələr, dəniz mənzərəsi adamı valeh edir”.

Artıq Bakı Şəhər Halqası ilə də tanış olduğunu deyən Formula-1 pilotu Avropa Qran Prisinin gərgin keçəcəyinə əmindir: “Tras elə qurulub ki, bəzi yerlərdə sürət hətta saatda 340 km-ə çata bilər. Sərt döngələrdə isə sürəti kəskin aşağı salmaq tələb olunur. Həmçinin, bəzi yerlərdə dar keçidlərin olması, hündürlük fərqi də pilotlara çətinlik yaradacaq. İnanıram ki, bütün pilotlar bu trasda yarışmaqdan zövq alacaqlar”.

Qeyd edək ki, Fernando Alonso səfər çərçivəsində könüllülər və marşallarla da görüşəcək.