“Formula 1”də Bakının debüt mövsümü

“Formula 1” tarixində ilk dəfə 21 mərhələdən ibarət yeni mövsümdə 11 komanda və 13 fərqli ölkədən 22 pilot mübarizə aparır. Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi möhtəşəm yarışda dünya çempionu adını qazanmış 5 pilot iştirak edir. Yeni mövsüm yeni qaydaları ilə də diqqət çəkir. Cari ildən tətbiq edilən qaydaların isə mübarizələri daha gərgin və maraqlı edəcəyi ehtimal olunur.

Dünyanın ən nüfuzlu avtomobil yarışı - “Formula 1”də yeni mövsüm Avstraliya Qran Prisi ilə start götürdü. Son iki ildə Böyük Britaniyalı Luis Hemilton və komandası “Mersedes”in böyük üstünlüyü ilə keçən yarışların yenə əsas favoriti “Mersedes” komandasıdır.

2016-cı il mövsümünə noyabr ayında Əbu Dabidə yekun vurulacaq. Bakı isə yarışa 17-19 iyun tarixlərində ev sahibliyi edəcək. Bakıda keçiriləcək Avropa Qran Prisi ilə yanaşı, ötən il ləğv edilən Almaniya Qran Prisinin yenidən bərpa edilməsi ilə “Formula 1” tarixində ilk dəfə mövsüm 21 mərhələdən ibarət olacaq.

Yeni mövsümün yenilikləri

Yeniliklərdə ən diqqət çəkən məqam sıralama turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırılırdı. 10 pilot isə 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start verirdilər. Yeni qaydalarda isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulub. “Formula 1” mütəxəssislərinin rəylərinə görə, bu yenilik həyəcanı bir qədər də artırıb.

Mühərriklər daha güclü və daha səs-küylüdür

2014-cü ildən bəri 2.4 litr həcmindəki V8 əvəzinə, 1.6 litrlik hibrid V6 mühərriklərindən istifadə edən istehsalçılar tətbiq olunan limitlərin ləğv edilməsindən sonra “Mersedes”lə fərqi aradan qaldırmağı planlaşdırırlar. Yeniliklərdən sonra “Reno” və “Honda”nın, təxminən, 70 at gücü daha artıq qüvvə əldə etdiyi, “Mersedes”in isə 1000 at gücü səddinə çatdığı ehtimal edilir. İki çıxışı olan yeni mühərriklər, həm də daha çox səs çıxaracaq. Təqvimdə yarış sayının 21-ə çatması ilə hər maşın 4 əvəzinə, 5 mühərrikdən istifadə edə biləcək.

Yeniliklərdən biri də təkərlərlə bağlıdır. “Pirelli” şirkəti yeni mövsüm üçün ultra yumşaq təkərlər hazırlayıb. Bu təkərlər maşınların daha sürətli hərəkətinə şərait yaradacaq.

“Mersedes” yenə favoritdir, əsas rəqib isə “Ferrari”dir

 “Ferrari” komandası testlərdəki nümayişlərlə, eləcə də, mövsümün əvvəllərindəki çıxışları ilə “Mersedes”ə çətinlik yaradacağı ilə bağlı fikirləri təstiq etdi. Xüsusilə, Kataloniya trasındakı testlərdə əldə edilən nəticələr “Ferrari”nin bu mövsüm çox güclü olduğunu göstərdi.

“Reno” 5 il sonra qayıtdı

5 illik fasilədən sonra “Reno” da “Formula 1”ə qayıtdı. “Lotus” komandasını alan “Reno” yeni maşını R.S.16-nı danimarkalı Kevin Maqnussen və Böyük Britaniyalı Colyon Palmerin ixtiyarına verib. Lakin, hələ ki, komanda ümidləri doğrultmur. Mövsümün əvvəllərindəki nəticələr bunu deməyə əsas verir.

Almanlarların hegemonluğu

2016-cı il mövsümündə Almaniyadan 4 pilot iştirak edir ki, bu da ən yaxşı göstəricidir. Bundan əlavə, Böyük Britaniyadan 3, Braziliya, Meksika, İspaniya və Finlandiyadan 2, Danimarka, İsveç, Avstraliya, İndoneziya, Rusiya, Hollandiya və Fransadan isə 1 pilot bacarığını sərgiləyir. “Reno”dan Colyon Palmer, “Manor”dan Rio Haryanto və Paskal Veyrlayn isə debütantlardır.

“Formula 1”in ən yaxşıları

Dünyanın bir nömrəli avtomobil yarışı 1950-ci ildən təşkil edilir və bu müddətdə 7 dəfə dünya çempionu olan almaniyalı Mixael Şumaxer ən yaxşı göstəriciyə malikdir. Bu göstəricidə argentinalı Xuan Manuel Fanxio 2-ci (5 dəfə), fransalı Alen Prost və almaniyalı Sebastyan Fettel 3-cüdür (hərəyə 4 dəfə).

Komandalarda isə “Ferrari” zirvədə qərarlaşıb. 16 dəfə çempion adını qazanan komanda, hələ ki, rəqibləri üçün əlçatmazdır.

Cari mövsümdə isə 5 dünya şempionu pilot çıxış edir. Bunlar Sebastyan Fettel, Luis Hemilton, Fernando Alonso, Censon Batton və Kimi Raykonendir.

2016-cı il mövsümünün “Formula 1” tarixində ən maraqlı mövsüm olacağı proqnozlaşdırılır. Yarışları yaxından izləyə biləcəyi üçün Bakı sakinlərini təbrik etmək olar.

Vüsal Məmmədzadə
“Formula 1 Avropa Qran Prisi jurnalistlərin gözü ilə” müsabiqəsi üçün
Mövzu: Komandalar, pilotlar və məşhurlar