İki güləşçimiz dünya çempionatının finalında

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın son 4 sərbəst güləşçisi mübarizə aparıb.

Sportline.az xəbər verir ki, olimpiya çəkilərində ilk görüşlər təsnifat, qeyri-olimpiya çəkilərində isə 1/8 final mərhələsinə təsadüf edib.

Əvvəlcə olimpiya çəkilərində Avropa mükafatçısı Aleksandr Qostiyev (86 kq), eləcə də Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov (97 kq) döşək üzərinə çıxıb.

Qostiyev təsnifat mərhələsində özbəkistanlı Javrail Şapiyevlə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Şapiyev finaladək irəliləməyi bacarmadığından, Qostiyev bürünc medal uğrunda təsəlliverici görüşlərə və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə şanslarını itirib.

Şərifov isə cənubi koreyalı Minvon Seu üzərində 11:4 hesablı qələbə qazanaraq, 1/8 finala çıxıb. Növbəti mərhələdə o, ukraynalı Valeri Andreytsevi 4:0 hesabı ilə yenib. Titullu güləşçinin 1/4 finaldakı rəqibi gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze olub. Rəqibini 6:0 hesabı ilə yenən Şərifov yarımfinala və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Titullu güləşçi bununla da kifayətlənməyərək, adını finala yazdırıb. O, yarımfinalda ABŞ-ın olimpiya və ikiqat dünya çempionu Kayl Deyki də üstələməyi bacarıb - 5:2. Həlledici qarşılaşmada rəqib rusiyalı olimpiya, 3 qat dünya, 3 qat Avropa çempionu və Avropa Oyunlarının 2 qat qalibi Abdulrəşid Şadullayev olacaq.

Qeyri-olimpiya çəkilərində dünya çempionatının bürünc mükafatçısı Əhmədnəbi Qvarzatilov (61 kq) ilə ikiqat Avropa çempionu, dünya və olimpiya mükafatçısı Cəbrayıl Həsənov (79 kq) çıxış ediblər. Qvarzatilov 1/8 finalda kubalı son dünya çempionu Yovlis Bonne Rodrigesə qalib gəlib - 7:0. Lakin o, 1/4 finalda iranlı Behnam Eşaq Ehsanpura gərgin keçən görüşdə minimal fərqlə uduzub. Ehsanpur finaladək irəliləyə bilmədiyindən, Qvarzatilov mübarizəni dayandırmalı olub.

Həsənov isə əvvəlcə ukraynalı Dmitri Tkaçenkoni 5:0 hesabı ilə yenib. O, 1/4 finalda qazaxıstanlı Qalımjan Usserbayevi daha böyük fərqlə üstələyib - 13:4. Yarımfinalda Slovakiya təmsilçisi Taymuraz Salkazanova 4:3 hesabı ilə qalib gələn təcrübəli pəhləvan finalda ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq. Onlar ardıcıl ikinci dəfə həlledici görüşdə üz-üzə gələcəklər. Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş finalda Deyk qalib gəlmişdi.

Dünya çempionatı

21 sentyabr

61 kq

1/4 final. Əhmədnəbi Qvarzatilov - Behnam Eşaq Ehsanpur (İran) - 12:13

1/8 final. Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriges (Kuba) - 7:0

79 kq

FİNAL. Cəbrayıl Həsənov - Kayl Deyk (ABŞ)

1/2 final. Cəbrayıl Həsənov - Taymuraz Salkazanov (Slovakiya) - 4:3

1/4 final. Cəbrayıl Həsənov - Qalımjan Usserbayev (Qazaxıstan) - 13:4

1/8 final. Cəbrayıl Həsənov - Dmitri Tkaçenko (Ukrayna) - 5:0

86 kq 

Təsnifat. Aleksandr Qostiyev - Cavrail Şapiyev (Özbəkistan) - 1:4

97 kq

FİNAL. Şərif Şərifov - Abdulrəşid Sadullayev (Rusiya)

1/2 final. Şərif Şərifov - Kayl Snayder (ABŞ) - 5:2

1/4 final. Şərif Şərifov - Elizbar Odikadze (Gürcüstan) - 6:0

1/8 final. Şərif Şərifov - Valeri Andreytsev (Ukrayna) - 4:0 

Təsnifat. Şərif Şərifov - Minvon Seu (Cənubi Koreya) - 11:4

Beləliklə, Azərbaycan güləşçilərinin dünya çempionatını 6 medal və 2 lisenziya ilə başa vuracaqları məlum olub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, Elis Manolova (65 kq) bürünc, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. Şərifov həm də "Tokio-2020"yə lisenziya qazanıb.