Millimizə 32 namizəd var
Azərbaycan milli komandasının baş məşqçi postuna 32 namizəd var.
Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib.
O, hələ heç bir namizədlə danışıqların aparılmadığını söyləyib. Milli assosiasiya rəsmisi İcraiyyə Komitəsinin növbəti iclasınadək bu sayın 15-ə endiriləcəyini və nəticədə yekun qərarın qəbul olunacağını əlavə edib.
İcraçı-vitse-prezidentin sözlərinə görə, namizədlərə titullu mütəxəssislər də, hələ özünü təsdiqləməyənlər də təklif edilib. O, növbəti iclasın 15 gün sonra keçiriləcəyini söyləyib.
E.Məmmədov icraçı vitse-prezident və yeni vitse-prezidentin iş yerinin AFFA-da olacağını da əlavə edib: "Əvvəlki illərdə digər iki vitse-prezident bizə kömək etsələr də, AFFA-da oturmurdular. İndi isə mən və Vaqif müəllim aparılan işlərə məsuliyyət daşıyacağıq. Bundan başqa FİFA və UEFA-da icraçı vitse-prezidentə daha böyük səlahiyyətlər yaradılacaq".