Mourinyo: "Eriksenin gedəcəyini bilirdim"

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandanın sabiq futbolçusu Kristian Eriksen haqda danışıb.

Sportline.az xəbər verir ki, 56 yaşlı mütəxəssis danimarkalı yarımmüdafiəçinin komandadan ayrılacağını əvvəlcədən bildiyini deyib: "Uzun vaxtdır ki, xəbərimiz var idi. Bura gəldiyim gündən mənə gedəcəyini söyləmişdi. Mən və Daniel Levi vəziyyəti ağıllı tərzdə dəyərləndirməyə çalışdıq. Eriksenin o vaxt işləmək üçün həvəsi yox idi. Tobi Alderveireldi də yeni müqavilə üçün razı salmağa  çalışdım. Amma mənə bəzi şübhələri olduğunu dedi. Eriksen də qərarını vermişdi. Mən də onsuz komanda qurmağa çalışdım. Kristianı oynatmamağımın səbəbi bu idi. O, çox peşəkar futbolçudur və kluba hörmət edirdi. Burada keçirdiyi son günədək komanda yoldaşlarına kömək etmək üçün əlindən gələni etdi".

Qeyd edək ki, K.Eriksen bir neçə gün öncə "İnter"ə transfer olunub.