Nazim Babayev: "Etdiyim jestə görə cəzalanmaqdan qorxmurdum"
Almaniyanın Karlsrue şəhərində keçirilmiş "World Indoor Tour" (Gold Level) turnirində üç təkanla tullanmada gümüş medal qazanmış Azərbaycan atleti Nazim Babayevin "Report"a müsahibəsi
- İlin ilk yarışında medalçılar sırasına düşə bildiniz. Yarışın səviyyəsi və təəssüratlarınız barədə nə deyə bilərsiniz?
- İlk növbədə, yarışdan danışmaq istəyirəm. Bu, Dünya Atletikasının qış mövsümündə keçirdiyi ən elit yarışlardan biridir. Turnir silsilə şəklində olur, dünyanın bir neçə ölkəsindaə Qran-pri formatında keçirilir. Budəfəki yarışın səviyyəsi də çox yüksək idi. Hər şeydən çox razı qaldım. Medalsız qalmadığım üçün sevinirəm. Uzun müddət idi ki, zədələrdən əziyyət çəkirdim. Həmin zədələrdən sonra mövsümə uğurlu start verdim. Nəticəm normal idi. 16,76 metr masafəyə tullana bildim. Nəzərə almalıyıq ki, bu, mövsümün ilk yarışıdır. İlk yarış üçün bunu uğurlu nəticə hesab etmək olar. Bundan sonra digər turnirlərdə nəticəmi yüksəltmək ehtimalım böyükdür.
- Qızıl medal qazanan idmançıdan 0,3 sm geri qaldınız. Birinci olmağınız üçün nə çatmadı?
- Qızıl medal qazanmağı çox istəyirdim. Fiziki və psixoloji cəhətdən buna yönəlmişdim. Amma burada mənə mane olan məqam var idi. Yarış örtüyü normal, standart idi, beton üzərində deyildi. Örtüyün sonradan yığılmış taxtadan olması çətinlik yaradırdı. Tullandığımız zaman da bizə mane olur. Amma bu da bir təcrübədir. Həmin örtüyün üzərində belə nəticə göstərdiyim üçün sevinirəm. Sözsüz ki, bir az texniki planda çatışmayan cəhətlər var idi.
- Mükafatlandırma mərasimində anlamlı jestiniz oldu. Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli Qəhrəmanlar Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlinizdə tutaraq medalı onlara həsr etdiniz. Bu, əvvəlcədən düşünülmüşdü?
- Bu, mənim idmançı və vətəndaş kimi əlimdən gələn ən kiçik şeydir. Ürəyimdə olan hissləri belə ifadə etdim. Onlara və ailələrinə ömrümüzün sonunadək borcluyuq. Sadəcə, yarışda ürəyimdən gələn hissləri bu cür göstərməyi qərara aldım. Bütün şəhidlərimizin qarşısında baş əyirəm.
- Bundan sonra cəzalanma ehtimalını nəzərə aldınızmı? Məsələn, yunan-Roma güləşçisi Eldəniz Əzizli "Qarabağ Azərbaycandır!" maskası taxdığı üçün üç ay yarışlara buraxılmamışdı...
- Bu jestə hazırlaşanda, bunu beynimdən keçirəndə hansısa cəza barədə düşünmürdüm və cəzalanmaqdan qorxmurdum. Çünki çəkinsəydim, bu jesti etməzdim. Müəyyən reqlamet var ki, mən də onlardan kənara çıxmamışam. Cəzalanma ehtimalım isə demək olar ki, yoxdur. Cəzalansam belə, etdiyim jest üçün peşman olmaram. Ürəyimdən gələn istəyi yerinə yetirmişəm.
- Qarşıda hansı turnirlərə qatılmağı hədəfləyirsiniz?
- Fevralın 14-də Fransanın paytaxtı Parisdə keçiriləcək gümüş Qran-pridə iştirak edəcəyəm. Üç gün sonra isə bu ölkənin Lyeven şəhərində Qış Dünya Turunun növbəti seriyasına qatılacağam. Ardınca martın 2-də İspaniyanın paytaxtı Madriddə Qış Dünya Turunun sonuncu mərhələsi olacaq. Martın 18-də isə Serbiyanın paytaxtı Belqradda qış dünya çempionatında qüvvəmi sınamağı planlaşdırıram
- Azərbaycan Atletika Federasiyası ötən ilin dekabrında 2021-ci ilin yekunlarına dair hesabat konfransı keçirib. Tədbirdə ilin ən yaxşı kişi idmançısı Aleksis Kopello seçilib...
- Bu qərarla tam razıyam. Kopello haqq edərək bu adı qazanıb. Çünki ötən mövsüm zədələrdən əziyyət çəkirdim və Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanmağıma baxmayaraq, uğurla çıxış edə bilməmişdim. Həmişə haqqın tərəfdarı olmuşam. 2021-ci ildə Aleksis Kopello daha uğurlu idi. Qış Avropa çempionatında da gümüş medal qazanmışdı. Bu qərarı da çox normal qarşıladım.