Nazim Babayev: "Fransadakı yarışda qaçış məsafəmin yeri dağıdılmışdı"

"Fransadakı yarışda qaçış məsafəmin yeri dağıdılmışdı".

Sportline.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Meeting De L'Eure" (World Indoor Tour Silver Level) turnirində bürünc medal qazanan Azərbaycan atleti Nazim Babayev deyib.

Üç təkanla tullanmada çıxış edən 25 yaşlı idmançı yarışda çətinliklə üzləşdiyini bildirib: "Planlaşdırmadığım bəzi məsələlər oldu. Bütün bunlar yaxşı nəticə göstərməyimə maneçilik törətdi. Tullanmadan əvvəl qaçış məsafəsini keçdikdən sonra təkan veririk. İki cəhddən sonra, üçüncü cəhddə qaçış məsafəmin yeri dəyişdirildi. Heç kimin haqqına girmək istəmirəm. Bu, səhvən baş verə bilər. Amma bəzən bilərəkdən də belə edirlər. Qaçış məsafəmin yeri dağıdılmışdı və hara gəldi qoyulmuşdu. Beləliklə, lazım olan yerdən 60-70 sm arxaya düşdüm. Bundan sonra hər şey qarışdı. Yarışa məşqçisiz getdiyim üçün bunu tənzimləyə bilmədim".

Babayev yarışa məşqçisiz yollanmasını pandemiya ilə əlaqələndirib: "Bu, yarışın qaydalarına görə belədir. Turnirdə az şəxslərin olmasını istəyirlər və məşqçilər ixtisara düşür".

Atlet bütün bunlara baxmayaraq, medal qazandığı üçün xoşbəxt olduğunu söyləyib: "Ardıcıl iki yarışda medalçılar sırasına düşdüyüm üçün sevinirəm. Amma Fransadakı turnirdəki nəticə məni qane edə bilməz. Daha yüksək nəticə göstərmək fikrində idim".

Qeyd edək ki, Nazim Babayev daha əvvəl Almaniyanın Karlsrue şəhərində keçirilmiş "World Indoor Tour" (Gold Level) turnirində gümüş medal qazanıb. Fransa turnirində 16,27 metr nəticə göstərmiş Babayev Almaniyadakı yarışda 16,76 metr məsafəyə tullanmağı bacarmışdı.