Nazir uğur qazanan idmançı və məşqçilərlə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Sportline.az xəbər verir ki, aerobika gimnastikası, bədii gimnastika, boks, cüdo, akademik avarçəkmə, kayak, kanoe, karate, şotokan karate-do, kikboksinq, bodibildinq, MMA, sambo, savat, taekvondo, uşu, kunq-fu, üzgüçülük, parataekvondo, paraatletika, paracüdo idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Tədbirdə kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət millimizin baş məşqçisi, Əməkdar Məşqçi Hikmət Hacıyev də iştirak edib. Təəssüratlarını bölüşən Hacıyev göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirib. Bu cür tədbirlərin tez-tez keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edən mütəxəsis belə görüşlərin gənc idmançılara və məşqçi heyətinə stimul verdiyini vurğulayıb.

Qeyd edək ki, baş məşqçi Hikmət Hacıyevin rəhbərliyi altında ötən ay Türkiyənin İstanbul şəhərində WAKO üzrə dünya kubokunda iştirak edən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin kikboksinq bölməsinin yetirmələri 4 qızıl və 2 bürünc medal qazanaraq yüksək nəticəyə imza atıblar.