"Qarabağ"ın düşərgəsində 1 dəqiqəlik sükut

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın bugünkü məşqi 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.

Sportline.az xəbər verir ki, daha sonra baş məşqçi Qurban Qurbanov futbolçulara faciə haqqında ətraflı məlumat verib. O, ölkəmizin əvvəllər Sovet İttifaqının tərkibində olmasını, daha sonra 30 il öncə bu gün yüzlərlə dinc sakinin yalın əllə tankların qarşısına çıxaraq öz canlarını gələcək müstəqil Azərbaycan üçün fəda etməsini bildirib. Qurbanov oyunçulara hansı klubda oynamalarını və Qarabağın Azərbaycan üçün nə demək olduğunu xatırladıb.