Qəbələ - Xankəndi ultramarafonunun qalibləri mükafatlandırılıb

Qəbələ - Xankəndi ultramarafonunun qalibləri mükafatlandırılıb.

Sportline.az-ın bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, mükafatlandırılma iki kateqoriya üzrə baş tutub.

Kişi və qadınların mübarizəsində 1-ci olanlar 4000, ikincilər 3000, üçüncü yeri tutanlar isə 2000 manat mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar.

Mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.

Ümumi nəticələrə əsasən, kişilər arasında türkiyəli Üzeyir Söyləməz birinci olub. İkinci və üçüncü yerləri müvafiq olaraq, Ömər Alkanoğlu (Türkiyə) və Georgi Lomidze (Gürcüstan) tutublar.

Qadınların mübarizəsində isə ukraynalı Alyona Şevçenko bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Türkiyəli Hasibe Deniz ikinci, rusiyalı Mariya Kolpakova üçüncü olub.

Qeyd edək ki, “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən ultramarafona 23-ü qadın olmaqla 81 atlet qatılıb. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də yer alıblar.

Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun ilk mərhələsində iştirakçılar Qəbələdən Ağdaşa qədər 55 km məsafəni qaçıblar. İdmançılar daha sonra Ağdaşdan Bərdəyə (65 km) və Bərdədən Ağdamadək (44 km) məsafəni qət ediblər. Son olaraq yarış iştirakçıları Ağdamdan Xankəndiyə qədər 28 km məsafəni arxada qoyublar.