Rusiya millisi dünya çempionatına buraxılmır

Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiyanın 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak etməsinin mümkün olmadığını bildirib.

Sportline.az xəbər verir ki, bu barədə məşhur "BeIN Sports" kanalı öz "Twitter" səhifəsində yazıb. Daha öncə Britaniya mediası Rusiya yığmasının DÇ-2022-nin qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə mundialda iştirak edə biləcəyini, lakin milli rəmzlərdən və himndən istifadə hüququna malik olmayacağını xəbər verib.

Qeyd edək ki, WADA İcraiyyə Komitəsinin 2019-ci ilin sonlarında verdiyi qərara əsasən, Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub. Bundan başqa, Rusiya 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququnu da itirib. (report.az)