Sopiç: "Geridönüş etməyi bacardıq"

“Uzun müddətdir davam edən qələbəsizlik seriyasına son qoymağımız yaxşı oldu. İlk qolu buraxdıqdan sonra futbolçular əzmkarlıq göstərdilər. Geridönüş etməyi bacardıq. Yeni gələnlər hələ tam uyğunlaşmayıb. Gündən-günə daha yaxşı olacağıq".

Sportline.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qəbələ”yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Son bir neçə oyun idi ki, qol vura bilmirdik. Ancaq artıq iki hücumçumuz var. Deviç və Rodriqes çox təcrübəlidir. Ancaq onlar hələ 100 faiz hazır deyil. Buna baxmayaraq, meydanda nə edəcəklərini bilirlər. Gələcəkdə iki hücumçuyla oynaya da bilərik, oynamaya da. Hansı yaxşı hazır olsa, o, tək oynaya bilər. Bir şeyi əlavə etmək istəyirəm" - deyə o bildirib.

Xorvatiyalı mütəxəssis heç vaxt hakim haqda danışmadığını söyləyib: "Ancaq dünən "Real" - "Real Sosyedad" matçına baxdım. Oyunda hakim 3 dəfə VAR-a baxdı. Buna rəğmən, 5 dəqiqə əlavə etdi. Ancaq bu gün hakim 7 dəqiqə əlavə etdi. "Qəbələ"nin də oyunçularını təbrik edirəm, meydanda bacardıqlarını etdilər, 100 faiz gücləriylə oynadılar”.