"Zirə" - "Sabah": 7-ci duel

Azərbaycan Premyer Liqasının III dövrəsinə fevralın 1-də start verəcək “Zirə” mövsümün ikinci yarısına “Sabah”la qarşılaşma ilə başlayacaq.

Sportline.az xəbər verir ki, bu, iki komanda arasında 7-ci matç olacaq. İlk dəfə ötən mövsüm üz-üzə gələn rəqiblərin duelləri “qartallar” üçün uğurlu başlamayıb. İlk üç qarşılaşmada qəsəbə təmsilçisi debütanta uduzub.

Mövsümün son matçında böyük hesabla qalib gələn “Zirə” uduzmamaq ənənəsini cari çempionatda davam etdirib. İlk yarıdakı hər iki qarşılaşma qollu heç-heçələrlə başa çatıb. Son üç dueldən xalsız ayrılmayan “Zirə” bu görüşlərdə meydanı qolsuz tərk etməyib.

Ümumiyyətlə, 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan "Zirə" 7 qol vurub, 9-nu buraxıb. Evdəki 3 oyunda 1 heç-heçəsi olan “qartallar” 2 dəfə uduzub. Top fərqi "Sabah"ın xeyrinədir – 5:1.

Bu oyunlarda ən çox qol vuran hərəyə 3 topu olan "Sabah"ın oyunçuları Marko Deviçlə Amadu Diallodur. “Zirə”nin heyətində əvvəlki görüşlərin ən yaxşı bombardirləri hərəyə iki qolla Nicat Süleymanovla Xulio Sezar Rodriqesdir.

Fevralın 1-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Sabah” matçı saat 15:00-da başlayacaq.