"Zirə" üçün əlamətdar oyun

“Zirə” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının son oyununda Serbiya təmsilçisi “Napredak”la qarşılaşıb. “Qartallar” balkanlılarla görüşdə 2:0 hesabı ilə qalib gəlib.

Sportline.az xəbər verir ki, qarşılaşmada hesabı açan Riçard Qadze komandanın beynəlxalq yoxlama oyunlarında 5-ci dəfə fərqlənib. O, “Zirə”nin Türkiyədə xarici klublara qarşı keçirdiyi matçlardakı ən yaxşı bombardiridir.

“Napredak”la görüşdə 2-ci qola imza atan Davit Volkov isə “Zirə”də ilk dəfə fərqlənib. Qol hesabını açan gürcüstanlı “qartallar”ın bu matçlarda rəqib qapısına yol tapan 27-ci futbolçusudur. Daha bir dəfə rəqib avtoqolu qeydə alınıb.

Volkovun qolu həm də komandanın beynəlxalq yoxlama oyunlarındakı yubiley – 40-cı qoludur. 29 matçda bu qədər qol vuran “Zirə”nin orta məhsuldarlığı 1,38-ə bərabərdir.