"Zirə"nin qələbə seriyası

“Zirə” Azərbaycan Premyer Liqasının XV turunda “Sabah”ı 2:0 hesabı ilə məğlub edərək ardıcıl 5-ci ev oyununda qələbə qazanıb.

Sportline.az xəbər verir ki, “qartallar” 3-ü çempionat, 2-si Azərbaycan kubokunda olmaqla öz meydanındakı son 5 görüşdə qalib gəlib. Bu qələbələrdən biri əlavə vaxtda əldə olunub.

Evdəki son itki 2019-cu il noyabrın 3-də qeydə alınıb. Həmin gün qəsəbə klubu “Sumqayıt”la çempionat matçında heç-heçə edib – 2:2. Ardınca Premyer Liqada “Keşlə” (3:1) və “Səbail” (4:1), kubokda “Qaradağ-Lökbatan” (4:0) və “Səbail” (1:0, əlavə vaxtda) üzərində qələbələr qazanılıb. “Sabah”la görüşdə isə bütün turnirləri əhatə edən seriya 5-ə çatıb.

Bu, “Zirə”nin tarixində yeni rekorddur. “Qartallar” indiyədək heç vaxt ardıcıl 5 ev qarşılaşmasında qələbə qazanmamışdı. Bunadək ən yaxşı nəticə 2015-2016-cı illərə təsadüf edirdi. Həmin vaxt komanda ardıcıl 4 görüşdə qalib gəlib.