Bədavi Hüseynov: "Baxımlı oyun üçün əlimizdən gələni edəcəyik"

“Sabahkı rəqib Avropanın ən güclü klublarından biridir”.

Sportline.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov deyib.

Müdafiəçi Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə Bakıda keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib: “Daha çox güc sərf etməliyik. Baxımlı oyun üçün əlimizdən gələni edəcəyik. Düşərgədə ab-hava yaxşıdı. Klub üçün çəkilən film xoşuma gəldi. Hər kəs “Qarabağ”ın mahiyyətini görməlidi. Bu, oyunçulara yaxşı motivasiya verdi”.

Hüseynov pley-off mərhələsində “Braqa”nın qapısına vurulan son dəqiqə qolunu da xatırlayıb: “Sonuncu qoldakı ötürmə bir anda verilən qərar idi. Nərimanın boş olduğunu gördüm. Şükürlər olsun ki, hakim matçı dayandırmadı. Bu, komandamızın qələbəsidi”.

Millimizin üzvü Julio Romao və Elvin Cəfərquliyevin yoxluğuna da münasibət bildirib: “Komandamızda futbolçuların keyfiyyəti yüksəkdi. Digərləri onları uğurla əvəz edəcəklər”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.