"Qarabağ"ın baş məşqçisi: "Bu rəqibdən çəkinirdik"

"Bu rəqibdən çəkinirdik. Çünki güclü və maraqlı komandadır".

Sportline.az xəbər verir ki, bunu qadınlardan ibarət "Qarabağ" həndbol komandasının baş məşqçisi Sergey Kambur çempionatın 6-cı turunun "Kür"lə oyunundan sonra deyib.

O, gərgin mübarizə ilə yadda qalan görüşün yaleyinin fasilədən sonra həll olunduğunu vurğulayıb: "Oyunun əvvəli bu rəqibdən nahaq yerə çəkinmədiyimizi göstərdi. Yaxşı ki, qızlar toparlanmağı bacardılar. Və sonradan oyunumuz qaydasına düşdü. İkinci hissədə ilk yarıdan daha yaxşı oyun göstərdik. Bunun sayəsində də qələbə qazandıq".

Qeyd edək ki, Mingəçevir həndbolçularının ciddi müqavimətinə baxmayaraq pərəstişkarlarını sevindirən “Qarabağ” ardıcıl 6-cı qələbəsini rəsmiləşdirib -  29:25.