"Kür" liderlik mövqeyini qorudu

Kişi həndbolçuların Azərbaycan çempionatında XVI turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, daha böyük maraqla gözlənilən görüşdə çempionatın lideri “Kür”lə onun ən yaxın izləyicisi “Azəryol” komandası üz-üzə gəlib. Mingəçevirdə keçirilən oyunu beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Qarşılaşmanın deleqatı isə, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. Meydançaya favorit qismində çıxan “Kür” ilk dəqiqələrdən təşəbbüsü ələ almaqla hesabda irəli çıxmağı bacarıb. Hücumların daha dəqiq zərbələrlə sona çatdırılması və  qapıçı Aleksandr Milinkoviçin seyvləri  ev sahibinin üstünlüyə yiyələnməsi ilə nəticələnib. Qonaqlar oyunun gedişində fərqi 3 topa endirməyə nail olsalar da, hissənin sonluğunu daha inamlı keçirən “Kür” fasiləyə üstün yollanıb - 16:10.

Vidadi Əliyevin komandası ikinci hissədə vəziyyəti dəyişməyə çalışsa da rəqibin müqavimətini qırmaq mümkün olmayıb. Ayuba, Simiç, Lekoviç kimi həndbolçuların təşkil etdiyi hücumlar daha effektiv alınıb ki, bu da hesab arasındakı fərqin bir qədər də artmasına gətirib çıxarıb. Rəqibi əksər göstəricilərdə üstələyən Mingəçevir həndbolçuları oyun nəzarəti sonadək əldən verməyiblər. Və maraqlı mübarizə ilə yadda qalan görüş 34:27 hesabı ilə başa çatıb.

Bu qələbə ilə xal sayını 24-ə yüksəldən “Kür” zirvədəki mövqeyini qoruyub. “Azəryol” la “Bakı”nın hərəyə 20 xalı var. “Qarabağ” 16 xalla 4-cüdür. “Təhsil” 6, “Dinamo” ilə “İdman Akademiyası” hərəyə 3 xalla sonrakı pillələrdə qərarlaşıb.