AÇ: Mariya Stadnik mübarizəyə qoşulur

Bu gün Azərbaycanın üç qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, 2 qat dünya, 8 qat Avropa çempionu olan idmançımız Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türkiyəli Evin Demirhanla üz-üzə gələcək.

Elnurə Məmmədova (55 kq) litvalı Laura Stanelite (Litva) ilə qarşılaşacaq.

Alyona Kolesnik (59 kq) isə 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu gün həmçinin, Azərbaycanın 4 sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq. Osman Nurmaqomedov (92 kq) finalda Feyzullah Aktürklə (Türkiyə) qarşılaşacaq. Cəbrayıl Qadjiyev (74) təsəlliverici qarşılaşmada Soner Demirtaşla (Türkiyə), Abubakr Abakarov (86 kq) Patrik Puespoeki (Macarıstan) - İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə üz-üzə gələcək.  Georgi Meşvildişvili (125) isə bürünc medal görüşündə Abraham Konyedo (İtaliya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq. Daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə edib.