AÇ: Yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulur
Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.
Sportline.az xəbər verir ki, ilk gündə Azərbaycanın 5 idmançısı yarışacaq.
Eldəniz Əzizli (55 kq) 1/4 finalda Artyom Deleanu (Moldova) / Stefan Qriqorov (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Taleh Məmmədov (63) Yakopo Sandron (İtaliya) / Kriştian Kekemeti (Macarıstan) cütünün güclüsü ilə qüvvəsini sınayacaq.
Sənan Süleymanov (77) 1/8 finalda Joltan Levayla (Macarıstan) qarşılaşacaq.
İslam Abbasov (87) təsnifat mərhələsində Turpal Maqamadovla (Fransa) güləşəcək.
Sabah Şəriəti (130) isə 1/8 finalda Dariuş Viteklə (Macarıstan) üz-üzə gələcək.
Bu gün həmçinin qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda görüşə, Elis Manolova (65 kq) isə təsəlliverici qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.