"Anderlext"i Belçikada “radara” salmalıyıq

“Qəbələ” ardıcıl ikinci dəfədir ki, UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edəcək. "Qırmızı-qaralar"ın "C" qrupundakı ilk rəqibi Belçikanın adlı-sanlı “Anderlext” klubu olacaq.

“Anderlext”in şöhrəti futbol azərkeşlərimizi qorxutmamalıdır. Nəzərə almalıyıq ki, Belçika təmsilçisi əvvəlki gücündə deyil. Bu mövsüm Çempionlar liqasının III təsnifat mərhələsində “Rostov”a məğlub olan "Anderlxt" Avropa Liqasının play-off mərhələsində iştirak hüququ əldə edib. Bu mərhələdə isə “Anderlext” “Slaviya”nı (Çexiya) mübarizədən kənarlaşdırıb.

“Qəbələ” isə dörd mərhələ adlayaraq qrup mərhələsinə vəsiqə qazanıb.

“Qəbələ” "C" qrupunun ən zəif halqası kimi görünə bilər. Amma "radarlar"ın bu yerə kimi qət etdiyi yola nəzər salanda, istər-istəməz fikir dəyişir. “Anderlext” ilə ilk oyunun səfərdə olması klubumuzun xeyrinə işləyən amillərdən biridir. Dəfələrlə Qriqorçukun yetirmələri rəqiblərini səfərdə məğlub edib, obrazlı desəm, “radara” salıb.

“Qəbələ”nin heyyətində yeganə problem Teo Uikslə bağlıdır. “Maribor”la görüşdə qırmızı kartla cəzalandırılan liberiyalı hücumçu “Anderlext”lə oyunu buraxmalı olacaq.

“Qəbələ”nin “Anderlext” qarşısına əks-hücum taktikası ilə çıxacağını gözləmək olar.

“Qəbələ”nin Topaz Premyer Liqasının 4-cü turunda “Neftçi”ni 8:0 hesabı ilə darmadağın etməsi “Anderlext”in baş məşqçisi Rene Vayleri həyəcanlandırmaya bilməz. Dörd turdan sonra ehtiyyatda bir oyunu olan “Qəbələ” Topaz Premyer Liqasının 3-cü pilləsində qərarlaşıb. “Qəbələ”nin rəqibi “Anderlext” də ölkə birinciliyində inamlı çıxış edir - 6 oyuna 12 xal və 2-ci yer.

“Qəbələ” avrokuboklarda tarixi ərzində heç bir Belçika klubu ilə qarşılaşmıyıb. Digər klublarımız isə Belçika təmsilçiləri ilə 4 dəfə üz-üzə gəlib. Azərbaycan klublarının Belçika klubları ilə avrokubok qarşılaşmalarının statistikası flamandların xeyrinədir. Ümumilikdə, vəziyyət belədir:

“Anderlext” 5-0 “Neftçi”/”Neftçi” 1-0 “Anderlext”
(2005/2006 mövsümü -ÇL II mərhələ)

“Jerminal” 1-1 “Neftçi”/”Neftçi” 1-0 “Jerminal”
(2008/2009 mövsümü - İntertoto.K)

“Brügge” 4-1 “Qarabağ”/”Qarabağ” 1-0 “Brügge”
(2011/2013 mövsümü -AL III mərhələ)

“Qarabağ” 1-0 “Anderlext”/”Anderlext” 2-1 “Qarabağ”
(2015/2016 mövsümü – AL qrup mərhələsi)

Həmid Məcidov