"Araz-Naxçıvan"da vəziyyət qəlizləşib
“Araz-Naxçıvan” klubunda baş məşqçi Elmar Baxşıyevlə bağlı vəziyyət daha da mürəkkəbləşib.
Sportline.az xəbər verir ki, sportinfo.az saytı mütəxəssisin öz istəyi ilə vəzifəsindən ayrılmaqdan imtina etdiyini və yalnız təzminat ödəniləcəyi halda klubla yollarını ayıracağını rəhbərliyə çatdırdığını yazıb.
“Araz-Naxçıvan”la müqaviləsi 2026-cı ilin iyununadək qüvvədə olan Baxşıyev müqavilənin qarşılıqlı razılaşma əsasında ləğvi təklifini qəbul etməyib və 75 min manat kompensasiya istəyib.
Komandanın son məğlubiyyətini (1:5) Suraxanı stadionundan canlı izləyən Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov zəif və müqavimətsiz matçdan ciddi narazı qalıb, komandanın bu cür aciz görünməsini “qəbuledilməz” adlandırıb.
Federasiya rəhbəri qeyd edib ki, “Araz-Naxçıvan”ın indiki durumu onu qətiyyən qane etmir və komandanın geriləməsinin əsas səbəblərindən biri məhz baş məşqçidir. Onun sözlərinə görə, Baxşıyev vəzifədə qaldığı müddətdə kollektivin toparlanacağına və uğurlu nəticələr qazanacağına inam demək olar ki, qalmayıb.