AVRO 2020-nin oyunları yenidən bölüşdürüləcək?
UEFA gələn il keçiriləcək AVRO-2020-nin təşkilinə yeni şəhərlər cəlb edə bilər.
Sportline.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin üzvü, turnirin Rusiya hissəsinin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin deyib.
O bildirib ki, təşkilatçı şəhərlərdən hansısa oyunları qəbul etməkdən imtina etsə, başqa variantlar gündəmə gələcək: "İmkanlar elə də geniş deyil. Ya yeni şəhərlər olacaq, ya da matçlar yerdə qalanlar arasında yenidən bölüşdürüləcək. İkinci variant daha az zəhmət tələb tələb edir. Oyunların yenidən bölüşdürülməsi UEFA-nın səlahiyyətindədir".
Qeyd edək ki, Avropa çempionatında A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır. (report.az)