Avroliqanın iki oyunu təxirə salınıb

Avropa Liqasının 1/8 final mərhələsinin "Sevilya" - "Roma" və "İnter"  - "Xetafe" oyunları təxirə salınıb.
 
Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb. Bildirilib ki, koronavirus səbəbindən İtaliya və İspaniya arasındakı səyahət məhdudiyyətinə görə bu qərar qəbul edilib. 
 
Yeri gəlmişkən, 1/8 final mərhələsinin ilk oyunlarından daha ikisi koronavirusun yayılma təhlükəsi ilə əlaqədar azarkeşsiz keçiriləcək. Bunlar LASK (Avstriya) - "Manşester Yunayted" (İngiltərə) və "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) matçlarıdı.
 
UEFA-nın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir: "Müvafiq hökumət orqanlarının koronavirusa qarşı qərarlarına uyğun olaraq, Avropa Liqasının daha 2 görüşü qrafiklə, amma bağlı qapılar arxasında təşkil olunacaq".
 
Qarşılaşmalar martın 12-də olacaq. Təxirə salınmış oyunların vaxtı isə hələ açıqlanmır.