Avropa çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulacaq.

Sportline.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq.

60 kq-da mübarizə aparan Nihat Məmmədli təsəlliverici qarşılaşmada macarıstanlı Erik Torba ilə qarşılaşacaq.

67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov finalda gürcüstanlı Coni Xetsurianini sınağa çəkəcək.

72 kq-da Ülvü Qənizadə də qızıl medal görüşünə çıxacaq. Onun rəqibi fransalı İbrahim Qanem olacaq.

Nəhayət, 82 kq-da yer alan Rafiq Hüseynov bürünc medal uğrunda Branko Kovaçeviç (Serbiya) / Roland Şvarts (Almaniya) cütünün qalibi ilə güləşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) finalda uduzaraq, gümüş medalla kifayətləniblər.

Sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb.