Avropa çempionatı: Stadnik finalda, Kolesnik və Məmmədova bürünc medal üçün yarışacaq

Azərbaycanın daha bir qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünü keçirib.

Sportline.az xəbər verir ki, 59 kq-da çıxış edən Alyona Kolesnik ukraynalı Yuliya Tkaçla üz-üzə gəlib.

Rəqibinə 0:10 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi finala çıxmaq şansını əldən verib. O, bürünc medal qarşılaşmasında türkiyəli Eda Tekini sınağa çəkəcək.

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

50 kq çəki dərəcəsində mübarizə aparan 35 yaşlı idmançı finala gedən yolda polşalı Anna Lukasyakla qarşılaşıb.

Rəqibinə 9:0 hesabı ilə qalib gələn Stadnik həlledici qarşılaşmaya vəsiqə qazanıb. Ukrayna əsilli səkkizqat Avropa çempionunun finaldakı rəqibi həmyerlisi Oksana Livaç (Ukrayna) olacaq.

55 kq-da yer alan Elnurə Məmmədova da 3-cü yer uğrunda mübarizə aparacaq. Buna idmançının 1/4 finalda uduzduğu rumıniyalı Andrea Ananın finala vəsiqə qazanması səbəb olub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə edib. Avropa çempionatı aprelin 23-də başa çatacaq.