Avropa çempionatına yollanan heyət açıqlandı
Martın 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçiriləcək.
Sportline.az xəbər verir ki, 2023-cü ilin ilk qitə birinciliyində ölkəmiz hər 3 güləş növündə təmsil olunacaq. Azərbaycan Güləş Federasiyasının rəhbər şəxslərinin iştirakı ilə Olimpiya Güləş Mərkəzində milli komandaların AÇ üçün heyəti açıqlanıb və bütün komanda üzvlərinə uğurlar arzulanıb.
Yunan-Roma güləşçilərimiz məsul yarışın ilk günlərində mübarizə aparacaq. Məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Rahim Həsənov (55 kq), Elmir Əliyev (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), İsmayıl Rzayev (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) uğur qazanmağa çalışacaq.
Yarışın ortalarında qadın güləşçilərimiz mübarizəyə qoşulacaq. Baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarov ötən il analoji yarışa qatılmış heyətə yenidən şans verib. Bu dəfə də U-23 Avropa çempionatında ölkəmizi Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcək.
Çempionatın son günlərində xalçaya sərbəst güləşçilər çıxacaq. Məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Ayxan Abdullazadə (61 kq), Rəşid Babazadə (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) mübarizə aparacaq.
Qeyd edək ki, 1 həftə davam edəcək qitə birinciliyində I kateqoriyalı hakimlərimiz Natiq Hacıyev və Elman İsmayılov ədaləti qoruyacaq.