Azərbaycan gimnastları Rumıniya və Polşada medallar qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında 21-ci beynəlxalq "Irina Deleanu Cup”a yekun vurulub.

Sportline.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasında bürünc medal qazanıb.

Komandanın digər üzvlərindən Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı gürzlərlə çıxışına görə 3-cü olub.

Polşanın Varşava şəhərindəki "XIV İrina Cup"da isə böyüklər arasında İlona Zeynalova çoxnövçülükdə qızıl, halqa ilə hərəkətlərdə gümüş medal əldə edib. Gənclər arasında mübarizə aparan Kamilla Qafarova da çoxnövçülük yarışlarında qızıl medal qazanıb. Bu yaş kateqoriyasında çıxış edən daha bir gimnast Mədinə Dəmirova isə topla hərəkətlərin icrasına görə gümüş medala sahib çıxıb.