“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır”

Misli Premyer Liqasının 8-ci turunda "Neftçi" "Qarabağ"la 3:3 hesablı heç-heçə edib.

Sportline.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub matçdan sonra oyun haqda ümumi fikirlərini bölüşüb:

"Çox yaxşı və çətin oyun oldu. Güclü rəqibimiz var idi. Azarkeşlərimiz də bizə möhtəşəm dəstək göstərdilər. Hesabda dəfələrlə önə keçdik. Dördüncü qolu da vurduq, amma hakim onu qeydə almadı. Təəssüf ki, sona yaxın bir qədər dözmədik və iki qol buraxaraq heç-heçə ilə kifayətləndik. Buna baxmayaraq futbolçularımdan çox razıyam. Onlar bu gün meydanda əllərindən gələni etdilər, bütün güclərini sərf etdilər. Təbii ki, üzərində işləməli olduğumuz məqamlar var və bunu edəcəyik. Qarşıda bir həftə vaxtımız var. Bu müddətdə “Turan Tovuz”la oyuna hazırlaşacağıq.

Ən vacib məqam futbolçularımızın psixoloji təzyiq altında qalmamasıdır. Bu, futboldur, belə hallar baş verir. Baş verənləri qəbul edib irəli baxmaq lazımdır.

Həm bizim, həm də “Qarabağ”ın heyətində çoxlu yeni futbolçu var. Komandanın formalaşması və oyunçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac duyulur. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik. Artıq çempionatın dörddə birini geridə qoymuşuq. Qarşıda bizi hələ 25 oyun gözləyir".

- Ardıcıl iki turda “Sabah” və “Qarabağ”la heç-heçə etdiniz. Mövsümün əvvəlində əsas rəqiblərlə oyunlarda belə nəticələr əldə etmək sizi qane edirmi, yoxsa qələbə gözləyirdiniz?

- Mən yalnız qələbə arzulayıram. Heç-heçə və ya məğlubiyyət istəməyim mümkün deyil. Əsas odur ki, gücümüzü toplayıb qarşımıza qoyduğumuz məqsədə doğru sona qədər irəliləyək.

- Demək olar ki, artıq “Qarabağ” və “Sabah” “Neftçi” üçün qorxulu rəqiblər deyil?

- Ola bilsin, “Sabah”la oyun bu cür qəbul olunmur. Azərbaycanda derbi deyəndə “Neftçi” ilə “Qarabağ”ın qarşılaşması nəzərdə tutulur. Hər iki klub Azərbaycan çempionatında 1000 oyun keçirib. Bu, çox şeydən xəbər verir və düzgün yolda olduğumuzu göstərir. “Neftçi”nin daha da güclənməsi üçün çalışmağa davam edəcəyik. Həmişə sona qədər mübarizə aparacağıq. Məqsədimiz zirvədə olmaqdır. Bunun nə dərəcədə mümkün olacağını qarşıdakı oyunlar göstərəcək. 

- Artıq 10 ildir “Neftçi qayıdır” şüarı səslənir, amma komanda hələ də əvvəlki mövqeyinə qayıda bilmir. Sizcə, “Neftçi” artıq qayıdıb? Son dəqiqələrdə əvəzetmələr edə bilərdiniz?

- İndi çox şey danışmaq olar. Sabah oyunu təhlil etməliyik. İnanın, hər matçı ciddi şəkildə analiz edirik. Bəzən 40 dəqiqə nəzəriyyə üzərində danışırıq. Ola bilsin, bu, kiminsə xoşuna gəlmir. Amma məncə, futbol şahmata bənzəyir. Hər şey topu irəli vurmaqdan ibarət deyil. Oyunu necə qurmağı bilməliyik. Bunu öyrənsək, uğur qazanacağıq.

- Qapıçı transfer etmədiyinizə görə peşman deyilsiniz?

- Bu barədə çox danışmaq olar. Bizim iki güclü azərbaycanlı qapıçımız var və hər ikisi yaxşıdır. Emil Balayevin hərarəti 38 dərəcə olduğu üçün meydana Rza Cəfərov çıxdı. Səhvlər olur, Avropanın tanınmış qapıçıları da səhv edirlər. Amma bu, mütləq qapıçı transfer etməli olduğumuz demək deyil. Rza özü də milli komandada çıxış edir. Emil Balayevlə yanaşı, gənc qapıçılarımız da var. Xaricdən futbolçu gətirməkdənsə, yerli qapıçılarla işləmək və onların inkişafına kömək etmək daha yaxşıdır. Bu, milli komandamız üçün də faydalı olacaq.