Azərbaycanın 3 namizədi CEV komissiyalarına üzv seçildi

Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin ilk iclası keçirilib.

Sportline.az xəbər verir ki, dünyanı bürümüş COVİD-19 səbəbindən videotoplantı şəklində keçən ilk iclasa CEV prezidenti Aleksandr Boriçiç rəhbərlik edib.

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi, CEV İdarə Heyətinin üzvü Cəlil Cəfərovun da iştirak etdiyi iclasda 2020 - 2024-cü illərdə fəaliyyət göstərəcək komissiyaların tərkibi müəyyənləşib. AVF-nin 3 namizədi - Regional İnkişaf Mərkəzinin direktoru Nərgiz İsmayılova Avrokuboklar Komissiyasına, AVF-nin həkimi Vüsalə Kazımova Avropa Tibb Komissiyasına, AVF-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mixail Frişman - Avropa İdman Təşkilatı Komissiyasına üzv seçilib.

Qeyd edək ki, oktyabrın 16-da Avstriya paytaxtı Vyanada keçirilmiş 41-ci Baş Assambleyada AVF-nin baş katibi Cəlil Cəfərov Azərbaycan voleybolu tarixində ilk dəfə CEV İdarə Heyətinə üzv seçilib.