Bakı-2022 Dünya Kubokunun son gününün qonaqları və qalibləri kim oldu?

Atıcılıq üzrə Dünya Kubokunun Bakıda keçirilməsi yeniyetmələrdə bu sahəyə marağı artırıb.

Sportline.az xəbər verir ki, mayın 29-dan başlayan yarışlar Azərbaycan telekanallarında canlı yayımlansa da, müxtəlif yaş və maraq qrupundan olan şəxslər finalları Bakı Atıcılıq Mərkəzində izləyib.

Yarışların son günü Binəqədi rayonun Sulutəpə qəsəbisinin Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbinin şagirdləri Bakı Atıcılıq Mərkəzində olublar. Şagirdlərin səfərinini məktəbin fiziki tərbiyə müəllimi Emin Bayramov və hərbi hazırlıq müəllimi Rəşid Əhmədov təşkil ediblər. Müəllimlər uşaqlarda bu idman növünə marağı artırmaq üçün belə addım atdıqlarını bildiriblər.

Şagirdlər 25 metr məsafəyə tapançadan sürətli atəşaçma növünün kişilər arasında komanda yarışını izləyiblər. Məktəblilər qaliblərin mükafatlandırılmasını izləyib, onlarla şəkil çəkdiriblər.

Qeyd edək ki, bugünkü yarışlarda 25 metr məsafəyə tapançadan sürətli atəşaçma üzrə kişilər arasında yarışda Koreya komandası qalib gələrək, ölkələrinə bu Dünya Kubokunda 5-ci qızıl medalı qazandırıblar.

Dairəvi stend atıcılığı üzrə qarışıq komanda yarışında isə ABŞ komandası qızıl medala yiyələnərək, medal sayında (4 qızıl medal) fransızları geridə qoyub.

Bu gün daha bir gümüş medal qazanan Ukrayna komandası isə ümumilikdə 9 medalla Kubokun ən çox medallı iştirakçısı olub.