"Bakı Dünya Kubokuna yüksək səviyyədə hazırlaşıb"
"Azərbaycan Atıcılıq Federasiyasının və ölkədəki digər əlaqəli qurumların yarışa hazırlığını yüksək qiymətləndirirəm".
Sportline.az xəbər verir ki, bunu Bakıda keçirilən güllə və stend atıcılığı üzrə Dünya Kubokunun texniki nümayəndəsi Abdullah Al Hammadi jurnalistlərə açıqlamasında deyib.
Qətərdən olan mütəxəssis Dünya Kubokunun 2020-ci ildə Bakıda koronavirus pandemiyasına görə baş tutmadığını xatırladıb: "Onu da qeyd etmək istəyirəm ki, Beynəlxalq Atıcılıq İdmanı Federasiyası dünyanın 66 ölkəsində fəaliyyət göstərir. Bu idmanla məşğul olan 700-dən çox peşəkar atlet var".
Al Hammadi Bakı Atıcılıq Mərkəzinin Dünya Kubokuna tam hazır olduğunu söyləyib: "Burada atış üçün 5 meydança mövcuddur. 25 metr və 10 metr məsafəyə həm pnevmatik, həm də stend atıcılığı üçün hər cür şərait yaradılıb, digər texniki məsələlər də həllini tapıb".
O, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərova təşkilatçılıq üçün təşəkkür edib: "Əminliklə deyə bilərəm ki, Bakıdakı Dünya Kuboku yüksək səviyyədə təşkil olunub. Biz yarışın hansı ölkədə keçirilməsindən asılı olmayaraq həmişə turnirlərin yaddaqalan olmasını hədəfləyirik. Gördüyümüz işlərdə əsas məqsədimiz həmişə uğurlu olmaqdır".
Beynəlxalq Atıcılıq İdman Federasiyasının (ISSF) nümayəndəsi Bakıda idmançıların hər cür şəraitlə təmin edildiyini sözlərinə əlavə edib: "Kütləvi İnforvasiya Vasitələrinin (KİV) yarışda iştirakı da çox önəmlidir. Çünki media olmasa, biz uğur əldə edə bilmərik. Fürsətdən istifadə edib KİV nümayəndələrinə təşəkkür edirəm".
Al Hammadi IV İslam Həmrəyliyi Oyunlarında və bir neçə beynəlxalq turnirdə Azərbaycana gəldiyini sözlərinə əlavə edib: "Burada yaradılan şəraitdən həmişə məmnun qalmışam. Turnirlərdə hər zaman idmançıların rahat olmasına önəm vermişik".
ISSF rəsmisi son olaraq ölkədə idmana göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.
Qeyd edək ki, Bakıdakı yarışa iyunun 7-də yekun vurulacaq.