Bordinə "Neftçi"də olarkən təklif gəlibmiş

"Çempionluq qazansaydıq, əla olardı. Çünki Azərbaycanın ən titullu komandasında işləyirdik. Çalışdıq, amma heç nə alınmadı".

Sportline.az xəbər verir ki, bunu "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin Calcio Mercato"ya müsahibəsində deyib. İtaliyalı mütəxəssis 2018/2019 mövsümündə çempionluğu əldən vermələrinin səbəbini belə izah edib: "Gəldiyimiz vaxt son 5 ilin çempionu "Qarabağ"la rəqabət aparmaq üçün güclü komanda yaradılmışdı. Onların digər komandalarla müqayisədə ciddi büdcələri var. Mübarizə apardıq, qış fasiləsinədək 5 xal öndə olduq. Bu, bizdə böyük həvəs yaratmışdı. Təəssüf ki, mövsümün həlledici fazasında bəzi səhvlərə yol verdik və yekunda ikinci yeri tutduq".

"Neftçi"dən əvvəl Moldovada "Şerif"ə rəhbərlik etmiş Bordin Şərqi Avropadakı fəaliyyəti dövründə İtaliyadan təklif almadığını bildirib. Lakin 55 yaşlı mütəxəssis vətənindən kənarda olduğu 4 il ərzində A Seriyasının oyunlarını izlədiyini vurğulayıb: "Bu illərdə anladım ki, Şərqdə çalışmaq həmin məkanlarda böyük imkanlar açır. İtaliyada isə Şərqdə işlədiyinizi bildikdə, belə böyük təcrübənizin olacağına inanmırlar. Öz ölkəmdən mənə marağın az olmasının səbəbini bilmirəm. Lakin özüm İtaliya çempionatını internet vasitəsilə izləyirdim".

Bordin bildirib ki, 2019/2020 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində Tula "Arsenal"ını səfərdə 1:0, evdə isə 3:0 hesablı qələbələrlə mübarizədən kənarlaşdırdıqdan sonra Rusiyadan təklif alıb. Onun sözlərinə görə, təklifi dəyərləndirdiyi və digər müraciətlərin olacağını gözlədiyi müddətdə İtaliya variantına da ümid edib: "Ola bilsin, İtaliyadan heç vaxt təklif gəlməyəcək. Evimə qayıtmaq pis olmazdı" deyə fikirləşdiyiniz vaxt mənə çox şey vermiş "Neftçi" və ya "Şerif" variantlarını qəbul edirsiniz".

Qeyd edək ki, Roberto Bordin "Neftçi"də 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarınadək çalışıb.