Cavid Hüseynovdan sərt reaksiya: "Yaxşı adam olsaydı..."

"Ruslan Fomin haqqında çox danışmaq istəmirəm. Amma onun fikirləri barədə az da olsa, nəsə deyəcəyəm". 

Sportline.az xəbər verr ki, bunu "Report"a açıqlamasında "Zirə"nin kapitanı Cavid Hüseynov "Qəbələ"də ikən komanda yoldaşı olmuş Ruslan Fominin azərbaycanlı futbolçular barədə fikirlərinə münasibət bildirərkən deyib.

Hazırda ölkəsinin "Mariupol" klubunda çıxış edən ukraynalı hücumçu yerli mətbuata müsahibəsində deyib ki, əyalət təmsilçisində oynayarkən azərbaycanlı oyunçular onun üzünə gülüb, dalınca danışıblar. 

Hüseynov Fominin fikirlərini mətbuatdan oxuduğunu söyləyib: "Hamı bilir ki, Azərbaycana gələn legionerlər özlərini burada olduğu qədər heç yerdə rahat hiss edə bilməzlər. Bizim mentalitetimiz və təbiətimiz belədir ki, qonaqpərvərik. Qonaq gələnlər başımızın üstündədir, futbolda da belədir. Hamı mənimlə razılaşar ki, yerlilərə bir hörmət edilirsə, legionerlərə ikiqat olunur. Bu, hər zaman belə olub. Mənə elə gəlir ki, Ruslanın özündə bir xof var idi. Çünki "Qəbələ"yə hücumçu kimi gəlmişdi, onu komandaya Roman Qriqorçuk gətirmişdi".

"Qəbələ"nin sabiq kapitanı Ruslan Fominin qol vura bilmədiyini söyləyib: "Hücumçu qol vura bilməyəndə, elə gəlir ki, hamı onu pisləyir. Bu, onun öz problemi və zəifliyidir. Yaxşı adam olsaydı, sözləri üzümüzə deyərdi".

Qeyd edək ki, Cavid Hüseynov 2016-2019-cü illərdə "Qəbələ"nin formasını geyinib. O, cari mövsümün əvvəlində "Zirə"yə keçib.