Çempionlar Liqası tarixindən: Qrup mərhələsinin ən uğurlu komandaları
UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə sona yaxınlaşmaqdadır. Sona bir tur qalmış Madrid "Atletiko"su mərhələni maksimum nəticə ilə bitirməyə yaxındır. Diyeqo Simeonenin komandası Münhen səfərində qələbə qazansa, qitənin ən nüfuzlu klub turnirində ən uğurlu komandalar sırasına düşəcək.
Bu ərəfədə SportLine.az Çempionlar Liqasının qrup mərhələsinin bütün oyunlarnda qələbə qazanan komandaları müəyyənləşdirib.
“Milan”. 1992/93 mövsümündə qrupu maksimum nəticə ilə bitirən İtaliya klubu 11 dəfə rəqib qapısına yol tapdığı halda, 1 dəfə topu tordan çıxarmalı oldu. İlk görüşdə Marko Van Bastenin pokeri ilə “Göteborq”u məğlub edən Fabio Kapellonun yetirmələri sonrakı oyunlarda PSV (2:1 və 2:0), “Porto” (hər iki oyunda 1:0) və “Göteborq”u (1:0) üstələməklə qrup mərhələsini zirvədə başa vurdu. Həmin mövsüm “Milan” finalda Marsel “Olimpik”inə məğlub olaraq (0:1) gümüş medallarla kifayətləndi.
PSJ. 1994/95 mövsümündə “B” qrupunda mübarizə aparan Paris təmsilçisi qrup mərhələsini 6 qələbə ilə yekunlaşdırdı. Bu oyunlarda 12 dəfə rəqibi məyus edən fransızlar 3 dəfə də öz qapılarında qol gördülər. “Bavariya” (2:0 və 1:0), “Spartak Moskva” (2:1 və 4:1) və “Dinamo Kiyev” (2:1 və 1:0) üzərində qazanılan qələbələr PSJ-ni qrup lideri etdi. Həmin mövsüm “Milan” Luis Fernandesin komandasının finala gedən yolunu bağladı.
“Spartak" Moskva. Rusiya klubu 1995/96 mövsümündə qrup mərhələsini maksimum nəticə ilə bitirdi. “Blekbern” (1:0 və 3:0), “Legia” (2:1 və 1:0) və “Rusenborq”u (4:2 və 4:1) məğlub edən “Spartak” növbəti mərhələyə lider kimi yüksəldi. Həmin mövsüm Oleq Romantsevin komandası “Nant”la görüşdə (0:2 və 2:2) uğursuzluğa düçar olaraq mübarizəni dayandırdılar.
“Barselona”. 2002/03 mövsümündə “H” qrupunda qərarlaşan katalonlar növbəti mərhələyə xal itirmədən vəsiqə əldə etdilər. İspaniya təmsilçisi “Brügge” (3:2 və 1:0), “Qalatasaray” (2:0 və 3:1) və Moskva “Lokomotiv”i (3:1 və 1:0) ilə görüşlərdə qazandığı qələbələr hesabına qrupun zirvəsində qərarlaşdı. Radomir Antiçin futbolçuları “Yuventus”la görüşlərdə məğlub olaraq mübarizəni erkən başa vurdular.
“Real" Madrid. Kastiliya təmsilçisi 2011/12 mövsümündə növbəti mərhələyə 6 qələbə ilə yüksəldi. “G” qrupunda mübarizə aparan Joze Mourinyonun yetirmələri “Dinamo Zaqreb” (1:0 və 6:2), “Ayaks” (hər iki oyun 3:0) və “Lion” (4:0 və 2:0) üzərində qazanılan qələblər sayəsində adını 1/8 finala yazdırdı. Madrid klubunun finala gedən yolunu isə “Bavariya” kəsdi. Penaltilər seriyasında rəqibinə məğlub olan “Kral klubu” mübarizəni yarımfinal mərhələsində dayandırdı.
Ötən mövsümdə də İspaniya nəhəngi uğurunu təkrarladı. "Bazel"i (5:1 və 1:0), "Ludoqorets"i (2:1 və 4:0) və "Liverpul"u (3:0 və 1:0) hesabı ilə üstələyən Madrid "Real"ı yarımfinalda "Yuventus" səddini adlaya bilmədi.