Çexlər "Qarabağ"dan "əl çəkmir"
Ardıcıl III dəfə UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ”ın bu dəfəki hədəfi qrupdan çıxmaqdır. Bunun üçün Ağdam təmsilçisi “Fiorentina”, “PAOK”, “Slovan” (Liberets) kimi klubların yer aldığı "J" qrupunu ən azı ikinci pillədə tamamlamalıdır. Maraqlı məqamlardan biri də odur ki, ötən mövsüm də “Qarabağ” "J" qrupunda qərarlaşmışdı.
“Qarabağ”a qrupdan çıxmaq yolunda ilk əngəl Çexiyanın “Slovan” klubu ola bilər. Azadlıq şəhərinin təmsilçiləri "J" qrupunun ən zəifi kimi görünsə də, əslində belə deyil. Rəqibin avrokuboklarda böyük təcrübəsi var. Təkcə bunu qeyd etmək kifayətdir ki, “Slovan” 2001/2002 mövsümündə UEFA kubokunun finalçısıdır.
“Qarabağ” artıq bu mövsüm bir dəfə Çexiya klubu ilə qarşılaşıb. “Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində iki oyunun nəticəsinə görə “Viktoriya”ya (Plzen) məğlub olmuşdu. Oyunu prinsipial edən məqamlardan biri də budur.
“Qarabağ”ın ən böyük üstünlüyü doğma meydan amili olacaq. "Dalğa Arena"da keçiriləcək görüşü 9000-ə yaxın yerli azərkeşin izləyəcəyi gözlənilir. Qurban Qurbanovun komandasından ənənəvi oyun üsulubunu görəcəyimizi indidən təxmin etmək olar.
“Qarabağ”ın işinə yarayacaq məqamlardan biri də “Slovan”ın Çexiya çempionatına pis başlamasıdır. Ölkə birinciliyində 6 turdan sonra 5 xal toplayan “Slovan” 14-cü pillədə qərarlaşıb. Liberets təmsilçisindən fərqli, “Qarabağ” 4 turdan sonra 9 xalla Topaz Premyer Liqasının lideridir. Həmçinin, "köhlən atlar" son oyunda AZAL-ı 6-0 hesabı ilə darmadağın edib. Bu, “Slovan”ın baş məşqçisi Yindrix Trpisovskiyə bir mesajdır.
“Qarabağ” tarixi ərzində avrokuboklarda iki dəfə Çexiya klubları ilə qarşılaşıb və hər iki halda uğursuzluqla üzləşib. Ümumilkdə, Azərbaycan klublarının avrokuboklarda çex komandalarına qarşı əldə etdiyi nəticələr, heç də, ürəkaçan deyil. Mənzərə belədir:
“Yablonets” 5-0 “Qarabağ”/“Qarabağ” 0-3 “Yablonets”
(1997/1998 mövsümü – UK I mərhələ)
“Slaviya”(Praqa) 1-0 “Şəmkir”/“Şəmkir” 1-4 “Slaviya”
(2000/2001 mövsümü – ÇL II mərhələ)
“Karvan” 0-2 “Slaviya”(Praqa)/“Slaviya” 0-0 “Karvan”
(2006/2007 mövsümü – UK II mərhələ)
“Viktoriya”(Plzen) 0-0 “Qarabağ”/“Qarabağ” 1-1 “Viktoriya”
(2016/2017 mövsümü – ÇL III mərhələ)
Hər nə qədər “Slovan” asan rəqib kimi görünsə də, arxayınlaşmaq olmaz. Rəqibin bu il avrokuboklarda oynadığı 4 oyunun hamısında qalib gəlməsi hər şeydən xəbər verir.
Həmid Məcidov