Dünya çempionatı: daha üç növdə qaliblər müəyyənləşib

Bakıda təşkil edilən atıcılıq üzrə dünya çempionatında bu gün daha üç növdə qaliblər müəyyənləşib.

Sportline.az xəbər verir ki, qadınlar arasında 50 metr məsafəyə tüfəngdən uzanaraq atəşaçmada isveçrəli Anya Senti 627.7 xalla qızıl medala sahib olub.

Gümüş mükafata fransalı Annett Müller yiyələnib. Finlandiyanı təmsil edən Marianne Palo üçüncü yeri tutub. Komanda yarışında İsveçrə birinci, Norveç ikinci, Avstriya üçüncü olub.

25 metr məsafəyə standart tapançadan atəşaçma növündə çinli Sixuan Fenq 572 xalla dünya çempionluğunu qazanıb. Yunanıstanlı məşhur atıcı Anna Korakaki ikinci, avstriyalı Silviya Şteyner isə üçüncü yerdə qərarlaşıb. Bu növdə komanda yarışında Çin qalib gəlib, Azərbaycan gümüş, Hindistan bürünc mükafata yiyələnib.

Kişilər arasında 25 metr məsafəyə standart tapançadan atəşaçma növündə isə hindistanlı Sinq Amanpreet (577 xal) hamını qabaqlayıb. Cənubi Koreyadan olan Qunhyeok Li gümüş, Fransa təmsilçisi Kevin Çapon bürünc medalçı kimi fəxri kürsüyə çıxıblar. Komanda yarışında Çin birinci, Almaniya ikinci, Koreya üçüncü olub.

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.