Əmrah Çelikel: "Rəşad yenə "Qarabağ"da qalacaq"

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl müsahibə verib.

Sportline.az həmin müsahibəni təqdim edir:

 

- Premyer Liqada sona 8 tur qalmış əksəriyyət “Qarabağ”ı çempion sayır. Siz də belə düşünürsünüz?
- Fikrimcə, bu barədə danışmaq üçün hələ tezdir. Çünki qarşıda 8 tur var. Səkkiz oyun da az deyil. Yalnız mövsümün sonunda nəsə demək olar.

 

- Çempionatın səviyyəsi, ortaya qoyulan mübarizə ürəyinizcədir?
- Əlbəttə. Başqa cür ola bilməz. Bizim bir çempionatımız var. Əvvəlki illərdən daha güclü çempionat gedir, maraqlı oyunlar izləyirik, biz istəyən səviyyədədir.

 

- Amma əvvəlki illərdə olduğu kimi, cari mövsüm də “Qarabağ”ın “dişinə” görə rəqibi yoxdur. Bu rəqabətsizliyin avrokubok zamanı sizə problem yaradacağından narahat deyilsiniz?
- Bunlar əslində texniki məsələlərdir. Mənim nəsə deməyim düzgün olmaz. Bizim hədəfimiz yenə çempion olmaq və ölkəmizi Avropa arenasında layiqincə təmsil etməkdir. Biz keçən il də yaxşı çıxış etdik, Avropa Liqasının qrupuna düşdük. Əsas məqsədimiz Qarabağın adını layiqli şəkildə təmsil etməkdən ibarətdir. Düşünürəm ki, indiyə qədər bunu bacarmışıq. Hədəfimiz bu ənənəni uzun illər davam etdirmək, Qarabağ adını bütün Avropada səsləndirməkdir.

 

- Qış fasiləsində yalnız Ovusu Kvabenanı transfer etdiniz, əvəzində bir neçə oyunçu yola salındı. Əcnəbi futbolçuların Azərbaycana gəlmək istəməmələri təkcə maliyyə ilə bağlıdır?
- Aydın məsələdir ki, onlar güclərini Avropada sınamaq istəyirlər. Azərbaycan çempionatının səviyyəsi bəlkə onları qane etmir və başqa təklifləri də olur. Bir futbolçuya həm bizdən, həm də başqa ölkə klubundan təklif olanda, o, digər ölkəyə üstünlük verir. Hətta biz yüksək məbləğ təklif etsək belə. Futbolçuların seçimi belə olur. Biz də mümkün dərəcədə ən yüksək səviyyəli futbolçuları gətirməyə çalışırıq.

 

- Çempionatda 4 ev oyununuz qalıb. Onlardan birini Quzanlıda keçirmək fikriniz yoxdur?
- Bizim hər oyunu başqa bir meydanda keçirmək kimi bir şansımız yoxdur. Buna Peşəkar Futbol Liqası nəzarət edir. Əlbəttə, biz də Quzanlıda oyun keçirmək istərdik. Hətta çox güman ki, baş məşqçimiz Qurban Qurbanov da buna etiraz etməz. Ancaq bu, birbaşa bizim səlahiyyətimizdə və icazəmizlə olan bir şey deyil. Quzanlıdakı şəraitə, oradakı meydançanın durumuna da baxmaq lazımdır. Belə bir şey istəmək o demək deyil ki, kor-koranə şəkildə gedib orada oyun keçirək. Əsas məsələ “Qarabağ”ın uğur qazanmasıdır, biz də bundan ötrü çalışırıq.

 

- Kapitan Rəşad Sadıqov mövsümün sonunda karyerasını bitirəcək. Rəşad təkcə futbolçu yox, həm də lider, meydandakı məşqçi deməkdir. Belə birini tapa biləcəksinizmi?
- Bunu zamanla görəcəyik. İnanıram ki, məşqçilər korpusu bu yöndə lazımi tədbirləri görəcəklər. Rəşad komandamızın böyük bir hissəsidir. Boşluğu çətin doldurulacaq futbolçudur, kapitandır, liderdir. Əsas odur ki, Rəşad yenə “Qarabağ”da olacaq, bu da bizi sevindirir. Əlbəttə ki, Rəşad kimisi bir daha gəlməyəcək. Onun adı, liderliyi bir başqadır. Bunu hamımız bilirik.

 

- Dediniz Rəşad klub daxilində qalacaq. Ona artıq hansısa vəzifə təklif olunub?
- Belə bir təklifə ehtiyac yoxdur. Bura Rəşadın evidir. Onun üçün ən doğru qərar hansı olacaqsa, dostları, qardaşları kimi daim yanında olacağıq. Şəxsən mənim arzum Rəşadın “Qarabağ”da qalması, fəaliyyətini burada davam etdirməsidir.

 

- Rəşadın adı eyni zamanda Azərbaycan millisinin baş məşqçisi postuna namizəd kimi göstərilir...
- Bu, yalnız ictimaiyyətin gözləntisidir. Hələ rəsmi bir şey yoxdur. İndiki vəziyyətdə də olmayan bir şeyə münasibət bildirməyim düzgün çıxmaz. Bircə onu deyə bilərəm ki, Rəşad istənilən işin öhdəsindən layiqincə gələcək gücdədir.

 

- Araz Abdullayev və Aylton Silvanın icarə müddəti, eyni zamanda bir neçə oyunçunun müqavilə müddəti yayda başa çatacaq. Bununla bağlı danışıqlara başlamısızmı?
- Biz yalnız mövsümün sonuna bir oyun qalmış bu barədə düşünməyə başlayacağıq. Heç kimlə danışmırıq. Bizim üçün hazırda əsas məsələ çempionatdır. Hansısa futbolçunun gedəcəyi və ya qalacağı barədə indidən nəsə deyə bilmərik. Bütün bu məsələlərə mövsümün sonunda baxılacaq (apasport.az).