FIFA-dan dünya futbolu üçün yeni qaydalar

FIFA futbolçuların müqavilələri və "transfer pəncərələri" ilə bağlı yeni qaydaları müəyyənləşdirib.

Sportline.az xəbər verir ki, qurumun rəsmi saytında yerləşdirilən məlumata görə, sözləşmələri bu ilin iyun ayında başa çatacaq futbolçuların çempionat qurtarana qədər komandalarında qalacağı bildirilib.

Əgər oyunçunun klubla anlaşması mövsümün indiki bitmə tarixində başa çatırsa, onun qüvvədə olma müddəti mövsümün yeni bitmə tarixinə qədər uzadılmalıdır. Bundan başqa, müqavilə müddəti növbəti mövsümün startı tarixindən başlayırsa, bu başlanğıc yeni tarixə qədər təxirə salınmalıdır.

Mövsümlər və qeydiyyat tarixləri üst-üstə düşdükdə və tərəflər razılığa gələ bilmədikdə ölkə çempionatlarının başa çatmasını təmin etmək üçün üstünlük futbolçuların hazırda çıxış etdikləri klublara verilməlidir.

FIFA, həmçinin, liqalarda "transfer pəncərələri"nin başlama və bitmə vaxtlarını dəyişdirməyə icazə verəcək.