Fransa çempionatı ləğv olundu

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Fransa çempionatında cari mövsüm davam etdirilməyəcək.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Eduar Filipp deyib.

O bildirib ki, ölkədə sentyabr ayına qədər bütün idman yarışları təxirə salındığından bu cür addım atılıb. Qərar Liqa 1-lə yanaşı, Liqa 2-yə də şamil olunub.

Fransa Futbol Federasiyasının may ayında iclas keçirəcəyi və avrokuboklara yollanacaq komandaları müəyyənləşdirəcəyi qeyd olunub.

Xatırladaq ki, Fransada liqalar martın 13-də dayandırılıb.