Hacı Əliyev: "Bu medal üçün çox əziyyət çəkdim"

"Son 4 ildə qitə çempionu ola bilməmişdim. Bu medal üçün çox əziyyət çəkdim. Qələbələrin hamısı böyük zəhmətin bəhrəsidir".

Sportline.az xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

70 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı dördüncü dəfə bu uğura imza atdığı üçün sevincli olduğunu bildirib: "Güləş tariximizdə belə nailiyyət olmamışdı. Şükürlər olsun ki, bu tarixi yaza bildim".

Əliyev bolqarıstanlı Ramazan Ramazanovla final görüşündə baş verən insidentə də toxunub: "Güləşdə tez-tez belə hadisələr baş verir. Ciddi bir şey olmadı. Əsas odur ki, görüşdən sonra rəqiblə barışdıq. Hər şey normal keçdi".

Əvvəllər 65 kq-da mübarizə aparan titullu güləşçi çəkisini dəyişmədiyini söyləyib: "Qarşıda dünya çempionatı var. Məşqçilərlə belə qərara gəldik ki, Avropa çempionatında 65 kq-da güləşməyim, əsas gücümü mundiala saxlayım. Orada həm çempion olmaq, həm də Paris olimpiadasına vəsiqə qazanmaq istəyirəm. Olimpiya Oyunlarından sonra isə idmanla vidalaşacağam".