Hacı Əliyev olimpiya qızılı arzusundadır
"Bu, mənim çox vacib qələbə, əla nəticədir. Ölkə tarixində dördqat Avropa çempionu olan ilk (kişilər arasında - red.) güləşçiyəm".
Sportline.az xəbər verir ki, bu sözləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Dünya Güləş Birliyinin rəsmi saytına açıqlamasında deyib.
O, bir neçə titula sahib olsa da, hər yarışa yeni istəklə çıxdığını bildirib: "Çox yaxşı hazırlaşmışdıq. Çoxlu təlim-məşq toplanışı keçirdik. Biz doğru yoldayıq. Ona görə də qalib gəlirik”.
Dördqat Avropa, üçqat dünya çempionu olan 32 yaşlı idmançı Olimpiya qızılını da qazanaraq karyerasını bitirmək istədiyini qeyd edib: "Çox çalışacağam. Qızıl medal üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, 32 və ya 34 yaşda olmağın fərqi yoxdur. Yalnız çox çalışmaq və çempion olmaq vacibdir. Bu, mənim son şansımdır. Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam".