Kamran Ağayev "Boavişta"da!
Azərbaycan millisinin qapıçısı Kamran Ağayev karyerasını Portuqaliyada davam etdirəcək. 30 yaşlı futbolçu mövsümün sonunadək "Boavişta" klubunun şərəfini qoruyacaq. SportLine.az xəbər verir ki, bu barədə klub saytı da məlumat yayıb.
K.Ağayev Portuqaliya klubuna azad agent statusu ilə keçib. Qapıçı "Sumqayıt"la yenicə müqavilə imzalasa da, onun müqaviləsində xaricdən təklif gələcəyi təqdirdə klubun futbolçunu sərbəst buraxacağı barədə bənd Ağayevin azad agent kimi Portuqaliyaya getməsinə imkan yaradıb.
Xatırladaq ki, "Boavişta" bu yay milli komandamızın digər üzvü Emin Mahmudovu da heyətinə qatmışdı.
Qeyd edək ki, "Boavişta" Portuqaliya çempionatında 4 turdan sonra 18 komanda arasında 10-cudur.