Millimizdə yeni təyinat: Mərhum baş məşqçini oğlu əvəzlədi

Stend atıcılığı üzrə Azərbaycan millisinin dünyasını dəyişmiş baş məşqçisi Hafiz Cəfərovun yerinə oğlu Emin Cəfərov təyin olunub.

Sportline.az xəbər verir ki, bu barədə "Report"a E.Cəfərovun özü məlumat verib.

42 yaşlı mütəxəssis yığmaya bu ilin əvvəlindən rəhbərlik etməyə başladığını bildirib: "Hər ilin sonunda Gənclər və İdman Nazirliyi tərəfindən bütün federasiyalara növbəti il üçün yığma komandalara baş məşqçi təyinatı üçün məktub daxil olur. Federasiya rəhbərliyi də bu vəzifəni mənə təklif etdi. Daha sonra isə nazirlik təyinatı təsdiqlədi".

H.Cəfərovun ölümü barədə danışan gənc mütəxəssis atasının ötən ilin oktyabrında vəfat etdiyini bildirib: "Müharibə vaxtı idi. Aydın məsələdir ki, hamının diqqəti cəbhəyə yönəlmişdi. Atam dializ xəstəliyindən əziyyət çəkirdi. Ölümünün koronavirusla heç bir əlaqəsi yoxdur".

Millinin yeni baş məşqçisi qarşıdakı planlardan da söz açıb. O, əsas məqsədlərinin komandanı gəncləşdirməkdən ibarət olduğunu söyləyib: "Yığmaya gənc idmançıların cəlb olunmasını istəyirik. Pandemiya imkan versə, növbəti illərdə daxili yarışlarda daha çox gənc atıcıların iştirakı planlaşdırılır. Bu idman növündə kütləviliyi artırmaq üçün əlimizdən gələni edirik. Onsuz da bu işlər hər zaman görülüb. Sadəcə, indi əsas məqsədə çevrilib".

E.Cəfərov gənclər arasında atıcılıq idman növünə marağın böyük olduğunu vurğulayıb: "Bizdə gənc idmançılar çoxdur. 2014-cü ildən Azərbaycanda beynəlxalq yarışlar keçirilir, Bakıya güclü idmançılar gəlir. Uşaqlar onları gördükdən sonra bu idman növünə maraq göstərirlər. Həmçinin Bakıda və Qəbələdə çox gözəl Atıcılıq Kompleksimiz var. Bu amil də gənclərin cəlb olunmasına çox kömək edir. Eyni zamanda, məktəbimiz fəaliyyət göstərir. Amma son 1 ildə pandemiya ilə bağlı məktəbə idmançı qəbul edə bilmirik. 12 - 14 yaşlı uşaqlar həm stend, həm də güllə atıcılığına böyük həvəs göstərirlər".

Baş məşqçi milliyə legioner cəlb etmək fikrində olmadıqlarını bildirib: "İdmançılarımızın hamısı azərbaycanlıdır. Federasiyamızda legioner məsələsinə heç vaxt yaxşı baxılmayıb. Yalnız yerli uşaqlara diqqət yetiririk. Hamı əcnəbi idmançıların milliləşdirilməsinə qarşıdır".

Peşəkar idmançı karyerasını davam etdirən Cəfərov yarışlara özünün də qatılacağını istisna etməyib: "Məşqlərimizi açıq havada davam etdiririk. May və iyunda keçiriləcək Avropa çempionatına və Bakıdakı Dünya Kubokuna hazırlaşırıq".