Nurlan Novruzov: "Millimizi qruplara daşıya biləcəksə, buyursun, gəlsin"

Estoniyanın "Trans Narva" klubuna keçən futbolçumuz Nurlan Novruzovun Sportline.az saytına müsahibəsi...

Nurlan, yeni klubuna keçidin necə alındı?

Estoniyadan təklifin gələcəyini Moldovadan Bakıya qayıdanda bilirdim. Çünki, baş məşqçi 2-3 oyunumu izləmişdi. “Narva”ya keçidim menecer vasitəsilə oldu. Sağ olsun, Erkin də əziyyət çəkdi. Həm də Avropa ölkəsi olmağı keçidi sürətləndirdi. Düşünürəm ki, “Narva”da oynayaraq digər komandaların diqqətini cəlb etməyi bacararam.

Komandada ab-hava necədir? Səni necə qarşıladılar?

Ab-havaya öyrəşməyə çalışıram. Bura bir az soyuq ölkədir. Ona görə də soyuğa öyrəşmək lazımdır (gülür). Sağ olsunlar! Başda klub prezidenti olmaqla məşqçilər heyəti və futbolçular ilk gündən isti yanaşdılar mənə.

Baş məşqçi türkiyəlidir və rəhbərlikdə azərbaycanlı da var. Yəqin ki, bu amillər sənə ünsiyyətdə xeyli kömək edər.

Bəli, məşqçimiz türkiyəlidir. İlqar Nəbiyev isə rəhbərlikdə işləyir. Bu, ünsiyyət və burada tək olmamağım baxımından mənim üçün çox yaxşıdır. Ən azı öz dilində danışacağın insan var.

Azərbaycan çempionatını necə dəyərləndirirsən? Səncə, çempion bəllidir, yoxsa bunu deməyə tələsməyək?

Futbolumuz son 2-3 ildir ki, nədənsə geriyə addım atır. Buna misal kimi “Qarabağ”ın son illər açıq fərqlə çempion olmağını göstərmək olar. Məncə, çempion bəllidir. İnanmıram ki, dəyişiklik olsun. Sanki, əvvəlki illərdə olduğu kimi “Neftçi”, “Qarabağ”, “Bakı”, “İnter” – indiki “Keşlə”, “Xəzərə Lənkəran” kimi bir neçə klubun çempionluğa oynadığı dövr bitib. Tək komanda çempionluğa oynayır, qalanları isə UEFA Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparır. Bu da çempionatın səviyyəsinin aşağı düşməsilə əlaqədardır.

Nikola Yurçeviçin gedişindən sonra millimizin baş məşqçi vəzifəsi boş qalıb. Səncə, bu posta kim gəlməlidir?

Millimizi Avropa və dünya çempionatının qrup mərhələsində görmək istərdim. Çünki, bu, bütün Azərbaycan xalqı və futbolsevərlərin bayramı olar. Yurçeviç gedib deyə arxasınca danışmış olaram, millimizin vaxtını boşuna alan əcnəbilərdənsə, öz məşqçilərimizə şans vermək daha yaxşı olar. Əgər, hansısa xarici mütəxəssis millimizi qruplara daşıya biləcəksə, buyursun, gəlsin. Hamımız bunu istəyirik.

UEFA Çempionlar Liqasını izləyirsən? Favoritin kimdir?

Bəli. “Yuventus”.

Bugünədək oynadığın klubların hansı sənə daha doğmadır?

Doğma klub, əlbəttə ki, indi çempionatımızda olmasa da, “Bakı” klubudur. Bu komanda futbolçu olmağımda böyük pay sahibidir.