Olimpiya çempionu: “Bakıdakı rahatlıq və gözəllik ürəyimcədir
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında İtaliyanın ən güclü stend atıcısı Cessika Rossi də iştirak edir.
Sportline.az xəbər verir ki, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında qızıl medal qazanan 31 yaşlı atlet 3 dəfə dünya çempionu, 2 dəfə Avropa çempionu, 1 dəfə Avropa Oyunlarının qalibi və 1 dəfə Dünya Kubokunun finalında ən yaxşı adını qazanıb.
C.Rossi jurnalistlərə müsahibəsində atıcılığı seçməsi, qazandığı uğurlar, bu sənətin əsas sirləri ilə bağlı sualları cavablandırıb.
- Növbəti dəfə səfər etdiyiniz Azərbaycanla bağlı təəssüratlarınızı eşitmək maraqlıdır...
- Bu, Azərbaycana dördüncü səfərimdir. Açığı, Bakının hər yerini gəzmək imkanım olmayıb. Yalnız İçərişəhəri qeyd edə bilərəm ki, oradakı qədimlik diqqətimi çəkdi. Xatırlayıram, səfərlərimin birində Bakıda “Formula 1” yarışları keçirilirdi. Ümumi götürsək, buranı çox bəyənirəm.
- İştirakçılar Bakı Atıcılıq Mərkəzi haqda yüksək fikirdədirlər. Paytaxtımızdakı mərkəzin xüsusi özəlliyi nədir?
- Dünyanın bir çox mərkəzlərində olmuşam. Deyə bilərəm ki, Bakı Atıcılıq Mərkəzi ən yaxşılardan biridir. Buranı daha çox ona görə bəyənirəm ki, stend, tapança və tüfəng atışlarının hamısı eyni ərazidə təşkil olunub. Üstəlik, otel binası da uzaqda deyil. Atəş meydançaları texniki baxımdan əla vəziyyətdədir. Bir sözlə, Bakıdakı rahatlıq və gözəllik ürəyimcədir.
- İlk dəfə neçə yaşınızda atəş açmağa başlamısınız?
- 12 yaşım var idi.
- Niyə qızların daha çox maraq göstərdikləri gimnastika, üzgüçülük, voleybol, həndbol kimi idman növlərini yox, məhz atıcılığı seçmisiniz?
- Çünki atam atıcılıqla məşğul idi və uşaq vaxtı məni özü ilə poliqonlara aparırdı. Ona görə də, kiçik yaşlarımdan tüfəngə daha çox maraq göstərmişəm.
- Beynəlxalq İdman Atıcılıq Federasiyasının italiyalı prezidenti Lusiano Rossi ilə qohumluğunuz var?
- (gülür) Xeyr, qohum deyilik. Sadəcə, Rossi İtaliyada məşhur soyad olduğu üçün ikimizdə də eynilik təşkil edir.
- Ova gedirsiniz?
- Xeyr. İllər öncə ovdan atıcılığa gələnlərin sayı çox idi. Əksəriyyət əlinə ilk dəfə ov tüfəngi alıb. Ancaq indi bu sahəyə daha çox idman növü kimi maraq göstərib gəlirlər.
- Uğurlu atıcı olmaq üçün nə etmək lazımdır? Məsələn, gündə neçə saat məşq keçirsiniz?
- Normalda günümün 5-6 saatını atəş meydançalarında keçirirəm. Qış aylarında atış müddəti az olur, diqqətimi daha çox qapalı məkanlarda idmana ayırıram. Adi vaxtlarda həftədə 5-6 gün, gündə 5-6 saat atəş açıramsa, mötəbər turnirlər ərəfəsində məşqlərə daha çox zaman ayırmalı oluram.