"Onlardan gələcəkdə daha böyük nəticələr gözləyirəm" - millinin məşqçisi
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-15 Avropa çempionatında komanda hesabında 2-ci yeri tutan sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.
Sportline.az xəbər verir ki, 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yığma komanda Heydər Əliyev adına Beynəlxalq Aeroportda coşğu ilə qarşılanıb. Qarşılanma mərasimində iştirak edən Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyinin rəsmiləri rekord nəticəyə imza atan komanda üzvlərini təbrik ediblər.
Milli komandanın böyük məşqçisi Namiq Quliyev yığmanın yarışqabağı qarşıya çempionluq məqsədi qoyduğunu bildirib:
“Komanda yüksək səviyyədə çıxış etdi. Baxmayaraq ki, 10 çəkidən 8-də təmsil olunduq. Əslində, biz komanda hesabında çempion olmağa getmişdik. Məlum səbəbdən 2-ci yeri tutduq. Bu yarışda parlayan ulduzlarımız oldu. Hətta 2008-09-cu il təvəllüdlü medalçılarımız oldu. Onlardan gələcəkdə daha böyük nəticələr gözləyirəm”.
Avropa çempionu Məhərrəm Rzayev:
“Yarışda Bolqarıstan, Yunanıstan və Macarıstan idmançılarına 10:0 hesabıyla qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda erməni güləşçini 6:1 hesabıyla məğlub edib finala yüksəldim. Finalda da Gürcüstan idmançısına tam üstünlüklə qalib gələrək Avropa çempionu oldum.
Avropa çempionu Səid Paşayev:
"Yarışa yaxşı hazırlaşmışdıq. Görüşlər mənim üçün rahat keçdi. İnşallah, bundan da böyük qələbələr olacaq. Hədəfim dünya və olimpiya çempionu olmaqdır”.
Fərhad Süleymanov, Avropa üçüncüsü:
“Bütün Azərbaycan xalqını salamlayıram. Bürünc medal uğrunda görüşdə Ermənistan idmançısıyla qarşılaşdım. Zədələrim var idi. Buna baxmayaraq, rəqibimə qalib gəldim. Mən də gələcəkdə dünya və olimpiya çempionu olmaq istəyirəm”.
Məhəmməd Abbaszadə, Avropa üçüncüsü:
“Üzərimizdə əziyyəti olan bütün hər kəsə təşəkkürümü bildirirəm. O gün olsun, bundan da yaxşı nəticələr qazanaq”.
Xatırladaq ki, Məhərrəm Rzayev (38 kq), Cəfər Cəfərov (41 kq), Rəvan Rəhimli (48 kq) və Səid Paşayev (85 kq) qızıl, Həsən Həsənov (41 kq) gümüş, Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq) və Fərhad Süleymanlı (85 kq) isə bürünc medal qazanıb".