Paris-2024: UWW təsnifat sistemi ilə bağlı dəyişiklikləri təsdiqləyib

Dünya Güləş Birliyi (UWW) 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün təsnifat sistemindəki dəyişiklikləri təsdiqləyib.

Sportline.az UWW-nin rəsmi saytına istinadən xəbər verir ki, əvvəlki olimpiadalardan fərqli, qarşıdakı yarışa lisenziya xarakteri daşıyan turnirlərdə 2 yenilik olacaq.

Bunlardan biri 2023-cü ildə təşkil olunacaq dünya çempionatı ilə bağlıdır. Bunadək mundialda hər çəkidə ilk 6 yeri tutan güləşçilər Oyunlarda iştirak hüququ qazanırdılar. Növbəti dünya çempionatında isə ilk 5 yerin sahibləri lisenziya əldə edəcəklər. Bunlarlardan 4-ü qızıl, gümüş və bürünc medallara yiyələnən güləşçilər olacaq. 5-ci lisenziya isə 3-cü yer uğrunda qarşılaşmada uduzan idmançıların öz aralarındakı görüşün qalibinə veriləcək.

Digər dəyişiklik isə Dünya Təsnifat Turnirinə aiddir. Burada artıq yalnız finalçılar yox, ilk 3 pilləni tutanlar Paris-2024-ə iştirak edə biləcəklər. Sonuncu vəsiqə bürünc medalçılar arasında görüşün qalibinə qismət olacaq.

Qeyd edək ki, iyulun 26-dan avsqustun 11-dək keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarında ümumilikdə 288 güləşçi mübarizə aparacaq.