"Qəbələ" rəsmisi: "Həmin futbolçularla yollar ayrılacaq"

"Komanda bir araya gələndən sonra başa çatan müqavilələrin uzadılması ilə bağlı futbolçularla danışıq aparacağıq".

Sportline.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov mayın sonunda müqaviləsi başa çatacaq futbolçuların gələcəyi barədə danışarkən deyib.

Klub rəsmisi bildirib ki, qeyri-müəyyənlik şəraitində nə isə deməyin mənası yoxdur: "Fasilənin nə qədər davam edəcəyi, çempionatın nə vaxt başa çatacağı bilinmir. Bu məsələlərə aydınlıq gələndən sonra söhbət edə bilərik".

Əyalət təmsilçisində əksər futbolçuların müqavilələri mövsümün sonuna qədərdir. Z.Əzizov buna baxmayaraq, çempionatı hazırkı heyətlə başa vurmağı düşündüklərini vurğulayıb: "Kimin fərqli düşüncəsi olacaqsa, hansı oyunçu ilə ortaq məxrəcə gələ bilməyəcəyiksə, həmin futbolçularla yollar ayrılacaq. Burada artıq edə biləcəyimiz bir şey yoxdur. Amma, təbii ki, futbolçu başqa kluba da keçə bilməyəcək. "Pəncərə" onsuz da bağlı olacaq".

Baş menecer futbolçuların maaşlarının azaldılması ilə bağlı məsələyə də toxunub: "Koronavirus pandemiyasının klubun büdcəsinə müəyyən təsiri var. Lakin çempionatla bağlı qərar qəbul olunmamış fikir bildirmək çətindir. Yalnız hər şey dəqiqləşəndən sonra maaş məsələsinə aydınlıq gələcək. Büdcəmizə uyğun hərəkət edəcək, mövsümü başa çatdırmağa çalışacağıq".

Z.Əzizov koronavirusla bağlı martın sonlarında ölkəsinə yollanan ispaniyalı yarımmüdafiəçi Fernan Lopeslə əlaqədə olduqlarını söyləyib: "Fernanla danışırıq. İspaniyada evindədir. Sərhədlər açılmadığından, onun qayıtması ilə bağlı müzakirə yoxdur".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I Divizionda cari mövsüm martın 13-dən dayandırılıb.